Ölkədən çıxarıla bilən milli və xarici valyuta

birbank biznes

Ölkədən valyuta çıxarılmasıÖlkəyə gətirilməsi və ölkədən aparılması ilə əlaqədar milli və xarici valyutada ifadə edilən pulun və valyuta sərvətlərinin rejimləri öz-özlüyündə fərqlənir. Bununla bağlı qanunvericilik müvafiq tələblər nəzərdə tutmuşdur.

Mövcud qanunvericilik üzrə Azərbaycan Respublikasına pul gətirilməsi ilə bağlı tələblərə görə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Hazırda xarici valyuta ilə bağlı əməliyyatlar üçün rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərə dair tələblərə görə:

  • məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  • 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
  • bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Qeyd edək ki, rezident və qeyri-rezident fiziki şəxslərin nağd əməliyyatları üzrə hazırda aşağıdakı tələblər mövcuddur:

  • 20000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə,
  • 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Onu da nəzərə almaq lazımdır ki, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Bununla yanaşı qanunvericiliyin tələblərinə görə bank hesabı açılmadan Azərbaycan Respublikasının daxilində və Azərbaycan Respublikasından kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

Digər bir tələbə görə rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycan Respublikasından kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini

  • bir əməliyyаt günü ərzində 1000 (bir min) АBŞ dоllаrı,
  • təqvim ayı ərzində isə 10000 (on min) АBŞ dоllаrı еkvivаlentinədək məbləğdə köçürə bilər.

Bu isə o deməkdir ki, mövcud situasiyada konkret limitləri nəzərə aldıqdan sonra əməliyyatların aparılması məqsədəuyğundur.

Eyni zamanda hazırki tələblərə görə Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr yalnız konkret növ əməliyyatlar üzrə aparıla bilər. Bu əməliyyatlardan biri kimi xarici ölkələrdən alınan mallara görə əvvəlcədən edilən ödənişləri misal göstərmək mümkündür. Qanunvericiliyə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.

Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Onu da nəzərə almaq lazımdır ki, sənədlərin təqdim edilməməsi müvafiq inzibati məsuliyyətə səbəb olur. Belə ki, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20-30 faizinədək məbləğdə cərimə edilir.

Yekunda isə mövzu çərçivəsində qeyd etmək mümkündür ki, Rezidentlər Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarını sərbəst şəkildə aça bilərlər. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyutada hesab açarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək müvafiq qeydlər etməklə bildiriş hissəsini vergi orqanına təqdim etməlidirlər.

Normativ baza:

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi” Qaydası

https://e-qanun.az/framework/40255

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” Qaydaları

https://e-qanun.az/framework/32366

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydaları

https://www.cbar.az/law-189/decision-no-451


Elektron qaimə-faktura hansı halda proqram təminatı tərəfindən təsdiqlənir?