İcra vərəqi əsasında əməkhaqqıdan tutulmalar (müddəti, məbləği)

birbank biznes

Əksər işəgötürənlər icra sənədləri əsasında işçinin əməkhaqqısından tutulmalar etdiyi halda bu tutulmaların səbəbləri barədə məlumatsız ola bilir. Belə ki, bəzi hallarda icra sənədinin verilməsinə əsas olan sənəd ləğv edilsə də, işəgötürən bundan xəbərsiz ola və tutulmaları davam etdirə bilir. Bu isə öz növbəsində dolayısı ilə işçinin hüquqlarının işəgötürən tərəfindən pozulmasına gətirir. İşəgötürən tərəfindən bu yazıda göstərilən halların ətraflı öyrənilməsi faydalı olacağı üçün əhəmiyyətli bir mövzu barədə məlumat verəcəyimizi bildiririk.

Mövzuya keçməzdən əvvəl icra sənədinin verilməsi üçün əsas olan halları qeyd edirik. İcra haqqında qanunun 6.1-ci maddəsinə əsasən icra sənədi hesab olunan aktlara aiddir:

  • Azərbaycan Respublikası məhkəmələrinin qərarları;

Nəzərə almaq lazımdır ki, məhkəmənin qərarları əsasında verilən icra sənədləri qüvvəyə minmiş sənəddir. Yekun məhkəmə instansiyasına şikayət mərhələsini keçdiyi üçün bu sənədlər mütləq icra edilir. Buna baxmayaraq işəgötürən icra sənədini aldıqdan sonra işçidən yeni hallar üzrə kassasiya şikayəti verilməsini, Konstitusiya Məhkəməsində bu qərardan şikayətə baxılıb-baxılmadığını, o cümlədən digər hallar üzrə (Avropa İnsan Haqları Məhkəməsi və s) qərarın qüvvədən düşüb-düşməməsini dəqiqləşdirməlidir. Ona görə ki, sadalanan hallar üzrə məhkəmə qərarının qüvvədən düşməsi və icra vərəqinin əsassız olması mümkündür.

  • İddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları;

Bu akt müvəqqəti xarakterli olduğu üçün işəgötürən də bu sənədin son aqibətini izləməlidir. Belə ki, qərardaddan şikayət verildikdə yaxud məhkəmənin yekun qərarı ilə iddia rədd edildikdə bu icra sənədi də qüvvədən düşür.

  • Məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;
  • Beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları;
  • Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri;
  • məhkəmə əmrləri;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları;
  • Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
  • Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər;
  • İnzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları;
  • Notariusun icra qeydləri;

Bu aktlar da məhkəmə qərarları kimi qüvvədən düşə yaxud şikayət verilməklə mübahisələndirilə biləcəyi üçün işçi ilə qüvvədə olub-olmamasının daim dəqiqləşdirilməsi məqsədəuyğundur.

  • Alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər.

Bu sazişlər üzrə notariat qaydasında icra qeydləri verilə bilsə də, yekunda məhkəmə qaydasında mübahisələndirilə biləcəyi üçün işçi ilə qüvvədə olma statusu dəqiqləşdirilməlidir.

Onu da qeyd edək ki, Əmək Məcəlləsinin 176-cı maddəsinə görə əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqısının əlli faizi saxlanmalıdır. Mövzu çərçivəsində qeyd etmək lazımdır ki, icra sənədinin icra edilməməsi inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilir.


Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması